CƏMİYYƏT


Səyyar “ASAN xidmət” yeni məntəqələrdə

Bakı, 5 iyun, AZƏRTAC

Səyyar “ASAN xidmət” iyunun 5-dən iyulun 4-dək Daşkəsən, Balakən, Yardımlı, İmişli şəhərlərində, iyunun 5-dən 19-dək Ağdam şəhərində vətəndaşlara xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, səyyar avtobuslar mayın 20-dən iyunun 8-dək Zərdabda, mayın 22-dən iyunun 20-dək Qusarda, mayın 26-dan iyunun 9-dək Mehdiabad qəsəbəsində, iyunun 1-dən 10-dək Türkan qəsəbəsində, səyyar “ASAN qatar” isə mayın 22-dən iyunun 5-dək Xaçmazda vətəndaşların xidmətində olacaq. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.