REGİONLAR
Səyyar “ASAN xidmət” Tovuzda VİDEO
Tovuz, 28 mart, Famil Quliyev, AZƏRTAC
Səyyar “ASAN xidmət” martın 28-dən Tovuz şəhərində vətəndaşlara xidmət göstərməyə başlayıb.
“ASAN xidmət”in qrup rəhbəri Nail Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, bir ay müddətində Tovuz rayonu ilə yanaşı, Qazaxdan Goranboyadək 13 rayonun sakinləri və bu rayonlarda məskunlaşan məcburi köçkünlər xidmətlərdən yararlana biləcəklər. Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi, vətəndaş məmnunluğuna nail olunmasıdır.