ELM VƏ TƏHSİL
Səyyar qəbulda üç rayon üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib
Bakı, 19 noyabr, AZƏRTAC
Bakıdakı 117 nömrəli tam orta məktəbdə Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Vətəndaşlar şagird sıxlığı ilə əlaqədar əlavə tədris korpuslarının inşası, idman zallarının tikilməsi, məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər məsələlərlə bağlı müraciətlər ediblər. Bütün məsələlər qeydiyyata alınıb, bir sıra müraciətlər yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.