MƏDƏNİYYƏT
Səyyar seminar-treninq öz işini Şəkidə davam etdirir
Bakı, 26 iyul, AZƏRTAC
Mədəniyyət və turizm nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar Azərbaycanda kitabxana işinin informasiya texnologiyaları əsasında yenidən qurulması, maddi və qeyri-maddi mədəni irsin yerlərdə qorunması, təbliği və bərpası, turizm infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bölgələrdə səyyar seminar-treninqlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, 26 iyulda Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Şəki regional mərkəz olmaqla Zaqatala, Balakən, Oğuz və Qax rayonlarını əhatə edən kitabxana və mədəniyyət müəssisələri (klub müəssisələri) işçiləri üçün “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi”, “Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsində, mədəni irsin qorunmasında mədəniyyət mərkəzinin rolu” mövzularında səyyar seminar treninqə bu gün start verib.
Seminar treninqdə əhatə olunan rayonlar üzrə 55 nəfər kitabxana, 49 nəfər mədəniyyət mərkəzləri və klub müəssisələri işçiləri iştirak edir. Yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, turizmin inkişaf məsələləri, kitabxana işinin təşkilində informasiya texnologiyalarının tətbiqi, yeni avtomatlaşdırılmış kitabxana informasiya sistemi (ALISA) seminar treninqin əsas müzakirə məsələlərindəndir.
Treninqə mərkəzin bir qrup əməkdaşları, mütəxəssis olaraq isə M.F.Axundzadə adına Milli Kitabxananın, BDU-nun, ADMİU-nun, Ədliyyə Akademiyasının bir qrup əməkdaşları mütəxəssis müəllim qismində cəlb olunub.
Treninq iyulun 30-dək davam edəcəkdir.