İDMAN
“Shamkir Chess 2015”: Şəhriyar Məmmədyarov Aniş Giri ilə heç-heçə oynayıb
Şəmkir, 20 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirində IV turun oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, Synergy Groupun təşkilatçılığı ilə keçirilən yarışın hesabat turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb. Oyundan sonra hər iki şahmatçı mətbuat konfransında sualları cavablandırıb.
Şəhriyar Məmmədyarov: "Maraqlı oyun alındı. Tomaşevskiylə oynadığım partiyaya oxşayırdı. Oyunun gedişində aşkar üstünlüyə nail olmadığımdan heç-heçəyə razılaşdım. Arxada qalan dörd turdan sonra artıq müəyyən fikir söyləmək olar. Karlsenə məğlubiyyəti nəzərə almasaq, nəticə normaldır. Sadəcə, daha yaxşı oynamaq lazımdır. Növbəti 5-ci turda xal qazanmalıyam".
Aniş Giri: "Şəmkirdə bir sıra maraqlı oyunların şahidi oluruq. Keyfiyyət baxımından oyunum bəzən alınmır. Şəhriyar Məmmədyarov təzyiqi artırmaq istəyirdi. Buna imkan vermədim. Heç-heçə oyuna uyğun nəticə oldu".