CƏMİYYƏT
Siçanların göz yaşlarında Zika virusu aşkar edilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Vaşinqton Universitetindən olan alimlər bildirirlər ki, laboratoriya siçanlarının göz yaşlarında Zika virusu aşkar edilib. Bu kəşf Zika virusuna yoluxan insanlarda görmə qabiliyyətinin itirməsinə gətirib çıxaran uveit xəstəliyinin yaranması səbəbini izah edir.
AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, ekspertlər laboratoriya siçanlarını Zika virusuna yoluxdurublar. Mütəxəssislər aşkar ediblər ki, bir həftədən sonra virus siçanların gözündə olub. Tədqiqat prosesində 28 gündən sonra siçanların göz yaşlarında virusun özü deyil, genetik materialı aşkar edilib. Alimlərin fikrincə, bu hal Zika virusuna yoluxmuş insanların göz yaşları ilə təmasdan xəstəliyin yayılma ehtimalını artırır, lakin bunu növbəti tədqiqatlarda sübut etmək lazımdır.
Ekspertlər yaxın vaxtlarda insanlar üzərində tədqiqat aparmaq istəyirlər. Məqsəd virusun gözün buynuz qişasında və digər yerlərində qala biləcəyini izah etməkdir. Bu, gözün buynuz qişasının transplantasiyası üçün vacib məsələdir.
Əldə edilən məlumatlar onu göstərir ki, mütəxəssislər ağcaqanadlarla keçən təhlükəli infeksiya haqqında çox az məlumata malikdirlər. Tibb işçiləri ehtiyat edirlər ki, göz yaşları infeksiya mənbəyi ola bilər, çünki Zika virusu ona yoluxmuş pasiyentlərin gözlərində ən azı bir həftə yaşaya bilər.