İQTİSADİYYAT
“Siemens” TAP boru kəmərini 6 qaz-turbin turbo kompressor stansiyası ilə təmin edəcək
Bakı, 2 sentyabr, Nihat Budaqov, AZƏRTAC
“Siemens” şirkəti “Trans-Adriatik” (TAP) qaz boru kəmərini 6 qaz-turbin turbo kompressor stansiyası ilə təmin edəcək. Bununla bağlı TAP və “Siemens” arasında müqavilə imzalanıb. Həmin kompressor stansiyaları TAP-ın keçəcəyi Yunanıstanın Kipoi məntəqəsində və Albaniyanın Fieri bölgəsində quraşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb.
TAP-ın icraçı direktoru Yan Bradşou deyib ki, çox ciddi qiymətləndirilmə və tender prosesindən sonra “Siemens” qaz boru kəmərinin əsas hissəsi sayılan yüksək etibarlı qaz-turbin turbo kompressorlarla təmin edəcək şirkət seçilib.
Xatırladaq ki, TAP çərçivəsində bu ilin aprelində Albaniyada giriş yollarının və körpülərin tikintisi ilə bağlı, iyulda isə boru kəmərinin böyük diametrli top klapan və işəsalan qurğularla (aktuatör) təchizatı ilə əlaqədar əsas müqavilələr imzalanıb.
Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində də Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).