REGİONLAR
Sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi genişləndirilir
Culfa, 28 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi genişləndirilir. İnformasiya- kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqi inkişaf etdirilir.
Bu barədə Culfa Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə Culfada “Sığorta-pensiya sisteminin mahiyyəti və bu sahədə elektron xidmətlərin tətbiqi” mövzusunda keçirilən maarifləndirici tədbirdə ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, elektron xidmətin tətbiqi sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq mülkiyyətçiləri tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırıb. Qeyd edilib ki, bu elektron xidmət sistemindən istifadə etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və ya torpaq mülkiyyətçiləri www.dsmf.nakhchivan.az saytında “Elektron xidmətlər” bölməsinə daxil olmaqla müvafiq xidməti seçərək plastik kartlar vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəyə bilərlər.
Diqqətə çatdırılıb ki, istifadəyə verilən elektron xidmətlər arasında “Avtomatlaşdırılmış pensiya təyinatı” və “Pensiya kalkulyatoru” mühüm yer tutur. Fondun 2014-cü il noyabr ayından istifadəyə verilən avtomatlaşdırılmış pensiya təyinatı sistemi sayəsində pensiya yaşına çatmış vətəndaşa pensiya şöbəsində yaradılan pensiya təyinatı xidmətinə (+99436), 550-59-79 nömrəsinə zəng etməklə və şəxsiyyət vəsiqəsinin nömrəsini bildirməklə real vaxt çərçivəsində pensiya təyin olunması həyata keçirilir. Noyabr ayında 10 nəfərə bu sistem vasitəsilə pensiya təyin edilib.
Bildirilib ki, təqdim olunan xidmətlərdən biri də “Sığortaolunanın onlayn uçota alınması” xidmətidir. İşəgötürənlər və digər sığortaedənlər bu xidmət vasitəsilə yeni əmək fəaliyyətinə başlayan vətəndaşlar üçün “Q3” ərizə formasını dolduraraq təsdiq etdikdən sonra onların sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesi elektron qaydada həyata keçiriləcək.
Sonda elektron xidmətlərin tətbiqi ilə əlaqədar slayd nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.