İQTİSADİYYAT


Sığorta şirkətləri “Elektron imza”nın tətbiqinə başlayıb

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən bir sıra sığorta şirkəti "Elektron imza"dan istifadə etməklə onlayn sığortanın tətbiqinə başlayıb. Bununla da, "Mbask", "Xalq", "Atəşgah" və "AZ-sığorta" şirkətləri vətəndaşlara sığorta şəhadətnaməsini onlayn əldə etmək imkanı yaratmış olacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin sığorta şirkətləri nazirliyin Milli Sertifikat Xidməti Mərkəzinin (MSXM) yaratdığı serverə əsaslanan imzalama sisteminə inteqrasiya edilib. Bu server sistemi onlayn ödəniş, bankçılıq və digər elektron xidmətlər təqdim edən təşkilatların arayışlarını və digər vacib sənədləri qurumun səlahiyyətli şəxslərinin adından avtomatik imzalama imkanına malikdir. Belə ki, yüksək imzalama zərurətinin təmin edilməsinə şərait yaradan sistem, sığorta şirkətlərinə vətəndaşın elektron müraciətini gücləndirilmiş e-imza ilə təsdiq edərək tələb olunan quruma (icbari sığorta bürosuna) göndərmək imkanı verir.

Serverə əsaslanan imzalama sistemi tam təhlükəsizdir. Təhlükəsizliyin təmin edilməsi üçün açarlar “USB token” vasitəsilə qorunur və tam dayanıqlığı təmin olunur. Sistem il ərzində avtomatik olaraq milyonlarla imzanın yaradılmasını təmin edir.

Xidmətdən istifadə etmək istəyən təşkilatlar MSXM-ə müraciət edib server üzərində elektron sənədlərin imzalaması üçün imza sertifikatı və xidməti açar əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.