İQTİSADİYYAT
“Sığortalı gənclik” layihəsi çərçivəsində keçirilən təlimdə 32 tələbə iştirak edib
Bakı, 24 noyabr, AZƏRTAC
“Sığortalı gənclik” layihəsi çərçivəsində sığorta təlimi keçirilib.
Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, təlimdə Bakıda fəaliyyət göstərən ali məktəblərin 32 tələbəsi iştirak edib.
Təlim çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov çıxış edərək dünyada və ölkəmizdə sığortanın tarixi, bu fəaliyyət növünün əhəmiyyəti və perspektivi, inkişaf mərhələləri barədə məlumat verib. Tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Sığortalı gənclik” layihəsi Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığortanın təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.