ORDU
Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da saat 11.00-da 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün ziyarətçilər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkəcəklər. Eləcə də qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi təşkil olunacaq.
Hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil ediləcək, onları maraqlandıran məsələlər müzakirə olunacaq. Bununla yanaşı, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.