İDMAN
Silahlı Qüvvələrdə voleybol birinciliyi başlayıb
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Silahlı Qüvvələrdə voleybol birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, şəhid Nadir Bədəlovun xatirəsinə həsr olunan yarışın açılış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeddi gün davam edəcək yarışda müxtəlif qoşun növlərini, ayrı-ayrı hərbi hissə və tədris müəssisələrini təmsil edən 12 komanda birincilik uğrunda mübarizə aparacaq.
Silahlı Qüvvələrin fiziki hazırlıq və idman şöbəsinin rəisi, polkovnik Sadiq Paşayev açılış mərasimində çıxış edərək bildirib ki, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi daim hörmətlə anılır.
Tədbirdə Nadir Bədəlovun yaxınları onun şərəfli döyüş yolundan danışıblar.
Qeyd olunub ki, Erməni silahlı qüvvələri Azərbaycana hücum edəndə digər vətənpərvər oğullarımız kimi Nadir Bədəlov da könüllü olaraq cəbhəyə yollanıb. O, bir çox döyüşlərdə iştirak edib və qəhrəmanlıqlar göstərib. Topçu taqımının komandiri olan Nadir Bədəlov Qubadlı rayonu ərazisində gedən döyüşlərdə son damla qanına kimi vuruşaraq, qəhrəmancasına şəhid olub.
Bildirilib ki, Müdafiə Nazirliyi tərəfindən şəhidlərin xatirəsinə həsr olunan tədbirlər müntəzəm qaydada keçirilir. Belə tədbirlərin keçirilməsi gələcək zabitlər üçün böyük tərbiyəvi əhəmiyyətə malikdir. Bu, şəhidlərin xatirəsinə ən böyük hörmət və ehtiramdır. Gələcək zabitlər görürlər ki, torpaq uğrunda şəhid olanlar heç vaxt unudulmur.
Sonra şəhid Nadir Bədəlova həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə Nadir Bədəlovun ailə üzvləri, şəhidin adını daşıyan məktəbin kollektivi də iştirak edib.