ORDU
Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilin inkişafına həsr olunmuş seminar keçirilib
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim və təhsil üzrə ekspert qrupu tərəfindən Silahlı Qüvvələrin müdafiə təlimatçıları üçün seminar keçirilib. Seminar hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına əsasən təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ikinci dərəcəli kapitan Andreas Hildenbrandın rəhbərliyi ilə keçirilən seminarda Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin professor-müəllim heyəti də iştirak edib.
Tədbir çərçivəsində NATO-da tətbiq edilən müasir tədris prosesi və metodologiyaları haqqında iştirakçılara məlumat verilib. Həmçinin mühazirələr oxunub və Silahlı Qüvvələrdə mövcud təhsil sisteminə dair geniş fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.