ORDU
Silahlı Qüvvələrin Tibb Baş İdarəsində altı ayın yekunlarına həsr olunmuş tədbir keçirilib
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin şöbə rəisləri, hospitalların komandirləri, baş tibb mütəxəssisləri, Əlahiddə Ümumqoşun Ordu və birliklərin tibb xidməti rəisləri, təhsil müəssisələrinin cavabdeh zabitləri ilə 2016-cı ilin birinci yarımilliyinə həsr olunmuş toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həyətində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun iştirakı ilə keçirilən toplantı dövlət himninin oxunması, ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
N.Sadıkov cari ilin aprelində cəbhə bölgəsində fəal döyüş əməliyyatlarının aparıldığı dövrdə tibb xidmətinin fəaliyyətinin yüksək səviyyədə təşkil olunduğunu və bu sahədə həkimlərin peşəkarlığını xüsusi qeyd edib. Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi etimadı doğrultmaq üçün tibb xidməti zabitlərinin də qarşısında mühüm vəzifələrin dayandığını vurğulayan Baş Qərargah rəisi, müdafiə nazirinin müvafiq tövsiyələrini onların diqqətinə çatdırıb.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev tibb sahəsinə xüsusi diqqət ayırdığı və onların fəaliyyətini yüksək qiymətləndirdiyi üçün ordu rəhbərliyinə dərin təşəkkürünü bildirərək hesabat dövründə görülən işlər barədə geniş məruzə ilə çıxış edib.
Toplantıda tibb mütəxəssislərinin çıxışları dinlənilib və müzakirələr aparılıb.