CƏMİYYƏT
Silahlı Qüvvələrin yaranmasının 98-ci ildönümü qeyd olunub
Bakı, 30 iyun, AZƏRTAC
Gənc Vətənpərvərlər Birliyi “Sağlam həyat tərzi, gənclik və idman narkomaniyaya qarşı” layihəsi çərçivəsində “Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” mövzusunda konfrans və Binəqədi rayonunda “Toğrul” əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubu ilə birgə “Narkotikə yox deyək”, ”Gələcəyimizi qoruyaq” adlı tədbir keçirib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin aparıcı məsləhətçisi Qalib Yaqubov, Birliyin idarə heyətinin üzvləri, QHT-nın nümayəndələri, məşqçilər, idmançılar iştirak ediblər.
Gənc Vətənpərvərlər Birliyinin sədr müavini Arif Əsədov çıxış edərək iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümü münasibətilə təbrik edib, layihənin mahiyyətindən və layihə çərçivəsində keçirilən tədbirlərdən danışıb.
Layihə rəhbəri M.Əliyev bildirib ki, Silahlı Qüvvələrimiz müasir hərbi texnika ilə təchiz edilib. Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağıdır, xalqımızın təhlükəsizliyini və ölkəmizin ərazi bütövlüyünü qoruyan böyük qüvvədir. Bu, bizi sevindirir və işlərimizi səmərəli qurmağa sövq edir.
“Toğrul” əlbəyaxa döyüş növləri və tək mübarizlik sənəti klubunun prezidenti Rauf İbrahimov Silahlı Qüvvələr Gününün müstəqil Azərbaycanın tarixində əlamətdar hadisə olduğunu bildirib.
Sonra bir qrup şəxs fəxri diplom və ulu öndər Heydər Əliyevin əksi olan döş nişanı ilə təltif olunub.
Sonda yeniyetmə və gənclər arasında “Kempo” karate üzrə yarış keçirilib.
Qaliblərə mükafat və fəxri diplomlar təqdim edilib, idmançılara və qonaqlara isə narkomaniya ilə mübarizə və QİÇS-lə bağlı maarifləndirici bukletlər paylanılıb.