CƏMİYYƏT
Silahlı Qüvvələrin yaranmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Bakı, 22 iyun, AZƏRTAC
Nərimanov rayon “ŞUA” İdman Sağlamlıq Kompleksində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümü ilə əlaqədar “Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” və “Geni dəyişdirilmiş orqanizmlərin zərərli nəticələri haqqında və təbliğində təlimatçı məşqçilərin rolu” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib.
Hər iki tədbiri Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” adlı layihə çərçivəsində təşkil edib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə GVB-nin İdarə heyətinin üzvləri, QHT nümayəndələri, idman federasiyalarının məşqçiləri və idmançılar iştirak ediblər.
GVB-nin sədr müavini A.Əsədov tədbir iştirakçılarını Azərbaycan Silahlı Qüvvələrinin 99-cu ildönümü və Ramazan bayramı münasibətilə təbrik etdikdən sonra layihə çərçivəsində keçirilən görüşlərdən və gənclərin maarifləndirilməsinin önəmindən danışıb.
Layihə rəhbəri M.Əliyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən ordu quruculuğu prosesi uğurla reallaşdırılır: “Ordumuz müasir hərbi texnika ilə təchiz edilir. Silahlı Qüvvələrimiz intizamlı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordudur. Bu, bizi sevindirir”.
“ŞUA” İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru R.Qurbanov isə genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulların fəsadlarından söz açıb, bu sahədə maarifləndirmə işlərinin vacibliyini diqqətə çatdırıb.
Sonra çıxış edən idman ictimaiyyətinin nümayəndələri, təlimatçı məşqçilər və QHT təmsilçiləri belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Daha sonra gənclər müzakirə olunan mövzularla bağlı təkliflərini bildirib, suallar cavablandırılıb.
Sonda maarifləndirici materiallar paylanılıb.