İQTİSADİYYAT
“Silk Wind” layihəsi Qazaxıstan üçün əvvəlki kimi aktualdır
Bakı, 5 may, AZƏRTAC
AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, “Silk Wind” layihəsi Qazaxıstan üçün əvvəlki kimi aktualdır.
Bu layihə “Qazaxıstan/ÇXR dövlət sərhədi – Xəzər dənizi – Qara dəniz” marşrutu üzrə konteyner qatarının işə salınmasını nəzərdə tutur. “Silk Wind” TRASEKA-nın iştirakçısı olan dörd ölkənin – Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin səylərini birləşdirməyi ehtiva edir.
Qazaxıstan İnvestisiyalar və İnkişaf Nazirliyinin nəqliyyat komitəsinin sədri Aset Asavbayev bildirib ki, Qazaxıstan və Azərbaycan layihə üzrə bütün dövlət daxili razılaşmaları artıq başa çatdırıblar. Növbə Türkiyənindir. A.Asavbayev deyib: “Bundan sonra yekun sənədi imzalamaq planlaşdırılır”.
“Silk Wind” layihəsi Bakı-Tbilisi-Qars dəmir yolu işə salınandan sonra “Çin-Qazaxıstan-Xəzər-Qafqaz-Türkiyə-Avropa” marşrutu üzrə konteyner qatarının buraxılmasını nəzərdə tutur. Layihəyə əsasən, Çindən yük konteynerləri dəmir yolu ilə Qazaxıstanın Xəzər dənizində yerləşən Aktau limanına gətiriləcək. Sonra həmin konteynerlər bərələrə yüklənib Azərbaycan limanına (Bakıya qədər), oradan yenə də dəmir yolu ilə Gürcüstan limanlarına, daha sonra konteynerdaşıyanlarla Türkiyə limanlarına göndəriləcək.
Marşrutun ümumi uzunluğu 4192 kilometrdir. Dəmiryol qatarları həmin yolu 12-14 günə qət etməlidir.