MƏDƏNİYYƏT


Silver Pramann: Azərbaycanlılar qonaqpərvər, mehriban, sülhsevər insanlardır

A+ A

Tallin, 5 iyul, AZƏRTAC

Azərbaycanda səfərdə olmuş Tallin Universiteti Rakvere Kollecinin direktoru Silver Pramann AZƏRTAC-a müsahibəsində ölkəmizlə bağlı təəssüratlarını bölüşüb. O deyib: “Bu, mənim Azərbaycana ilk səfərim idi. Əlbəttə, mən Azərbaycanı tanıyırdım, ölkə haqqında eşitmişdim və Estoniyada azərbaycanlılarla tanış olmuşdum. Azərbaycan mətbəxini də dadmışdım. Bütün bunlar məndə xoş təəssüratlar yaratmışdı və qərara gəldim ki, Azərbaycana səfər edim”.

Silver Pramann qeyd edib ki, beş günlük səfər onun Azərbaycanla bağlı müsbət fikirlərini təsdiqlədi: “Təyyarədən enən kimi xoş, mülayim küləkli hava artıq məndə yaxşı təəssürat oyatdı. Bakıdakı hava limanı kompleksini, burada yaradılan şəraiti, şəhərin təmizliyini, ümumilikdə modern tikintini xüsusi qeyd etmək istərdim. Əzəmətli Qız qalası, tarixi özündə qoruyub saxlayan İçərişəhər son dərəcə maraqlı idi. İçərişəhərdə gəzərkən hamımızın gəncliyimizin məşhur komediyası olan “Brilyant əl” filmi yadıma düşdü. Palçıq vulkanları və Yanardağ – bu möcüzələri Azərbaycandan başqa dünyanın heç bir yerində görə bilməzdim. Əlbəttə, Qobustan qayaları, qədim yazılar və rəsmlər məni yaxşı mənada son dərəcə təəccübləndirdi”.

Direktor bildirib ki, Bakıda Şərqin və Qərbin incəsənət ənənələri qovuşur və bir-birini tamamlayır: “Modern tikintilər və tarixi abidələr – çox möhtəşəm mənzərədir. Müasir memarlığın nümunəsi olan Heydər Əliyev Mərkəzini saatlarla gəzdim. Təəssüratımı bir sözlə ifadə edəcəyəm – möhtəşəm. Bir də sərgilərin modern üslubda təşkilini, müasir texnologiya ilə təchiz edildiyini çox bəyəndim”.

S.Pramann Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi qeyd edib: “Hər yerdə gülərüz, mehriban, qonaqpərvər, mərhəmətli insanlarla rastlaşdım. Azərbaycanlılar ünsiyyətcil, sülhsevər insanlardır.

Direktor Azərbaycan mətbəxinin ləziz təamlarla zəngin bir mətbəx olduğunu bildirərək deyib: “Əlbəttə, Estoniyada da bunları almaq olur. Amma Bakıda olan qida məhsulları tamamilə başqa dada malikdir. Orada yediyim ağ tutu bundan əvvəl heç yerdə yeməmişdim. Mətbəxdən söhbət düşmüşkən tayı bərabəri olmayan armudu stəkanda Azərbaycan çayını xüsusilə qeyd etmək istərdim.

Ümumiyyətlə, bu qısa səfər məndə Azərbaycan haqqında möhtəşəm təəssüratlar yaratdı və əminəm ki, mən bu ölkəyə yenə qayıdacağam. Çox istərdim ki, Azərbaycan və Estoniya arasında əlaqələr daha da genişlənsin. Ölkələrimiz bir-birindən uzaq olsa da tarixləri bir-birinə çox bənzəyir. Hər iki xalq başqa xalqların mədəniyyətini dəyərləndirən multikultural və sülhsevər xalqdır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.