REGİONLAR
Silviya Steyner: Azərbaycanda gənclər arasında atıcılığa böyük maraq var VİDEO
Qəbələ, 12 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Əsrarəngiz gözəlliyə malik Qəbələyə səfər etdiyim üçün çox şadam. “Qəbələ” Atıcılıq Klubunun maddi-texniki bazasını çox bəyəndim. Həmçinin Qəbələ Stend və Ox Atıcılığı Kompleksi gözəl bir yerdə, dağların və meşələrin əhatəsində yerləşir. Burada idmançılara yarış və istirahət üçün hər cür şərait yaradılıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində olimpiya atıcılıq növləri üzrə Qəbələdə keçirilən Dünya Kuboku yarışlarında qadınlar arasında tapançadan 10 metr məsafəyə atəş açma yarışında qızıl medal qazanan Avstriya idmançısı Silviya Steyner deyib.
“Əminəm ki, burada tez-tez beynəlxalq yarışlar təşkil ediləcək. Atıcılığın inkişafı üçün yaradılan yüksək şəraitə görə Azərbaycan idmançıları çox şanslıdırlar. Ümumiyyətlə, ölkənizdə gənclər arasında atıcılığa böyük maraq var”.
O, Qəbələdən xoş təəssüratlarla ayrıldığını, Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini, təbiətin gözəlliyini və buradakı uğurunu heç vaxt unutmayacağını bildirib.