İQTİSADİYYAT


“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin sürətləndirilməsi məsələləri müzakirə olunub

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin sürətləndirilməsi məsələləri müzakirə olunub.

Müzakirələr noyabrın 29-da Bakıda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi arasında görüşdə aparılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu ilə hərəkət edəcək beynəlxalq sürət qatarının istifadəyə verilməsi üçün təşkilati işlərin həlli, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin sürətləndirilməsi məsələləri müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək iki ölkə Prezidenti arasında yaranmış çox səmimi münasibət nəticəsində ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsindən, Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələrdən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması prosesində görülən işlərdən, Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu ilə hərəkət edəcək beynəlxalq sürət qatarının istifadəyə verilməsi məsələlərindən danışıb. Bildirib ki, sözügedən marşrut iki ölkə arasında həm dəmir yolu, həm də turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi çıxış edərək, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometrlik dəmir yolunun çəkilişinin başa çatmasını, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək dəyərləndirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.