REGİONLAR
Şimal bölgəsi üzrə 370 müəllim seminara cəlb olunub
Xaçmaz, 24 yanvar, Elxan Yusifli, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün seminar-məşğələlər davam etdirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Xaçmaz regional bölməsindən AZƏRTAC-a bildiriblər ki, seminarlara şimal bölgəsi üzrə ümumilikdə, 370 müəllim cəlb olunub. Şabran, Siyəzən, Xızı və Qusar rayonları üzrə təlimlər artıq başa çatdırılıb. Regional bölmənin əməkdaşları tərəfindən yanvarın 25-də Qubada, 27-də isə Xaçmazda seminarlar keçiriləcək.
İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20-25 nəfərlik qruplarla təşkil olunur.
Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. Bununla yanaşı, seminarda imtahanın gedişi ilə bağlı qaydalar izah olunur, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilir, nəzarətçi müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilir.
Daha sonra seminar iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.