REGİONLAR
Şimal bölgəsində fındıq bağları salan təsərrüfatçıların sayı artıb
Xaçmaz, 26 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı təsərrüfatçılar iyulun 20-dən fındıq bağlarında məhsul yığımına başlayıblar. Rayonda fındıq yığımı avqustun sonunadək davam edəcək.
Yarım hektaradək fındıq bağı olan təsərrüfatçı Fərzalı İsrafilov AZƏRTAC-a müsahibəsində bildirib ki, bu mövsüm meyvənin məhsuldarlığı yüksəkdir. Amma məhsulu itkisiz toplamaq üçün yığımı avqustun ikinci ongünlüyünədək yekunlaşdırmaq lazımdır. Əks halda yetişmiş fındıq ağacların dibinə tökülür və gəmiricilər məhsulun bir hissəsini tələf edir.
Qış aylarının ruzisi
Təsərrüfatçı Fərzalı İsrafilov fındığın ailəsi üçün qış aylarının ruzisi olduğunu bildirir: “Fındığı toplayıb qurutduqdan sonra kisələrə doldurub anbarlarda saxlayırıq. Bu, elə bir məhsuldur ki, rütubətsiz yerdə saxladıqda xarab olmur. Biz təsərrüfatçılar da qiymət daha münasib olanda məhsulumuzu bazara çıxarırıq. Məsələn, yığım vaxtı fındıq 2-3 manata satılırsa, bir neçə aydan sonra qiymət 5 manatadək bahalaşır. Ən əsası məhsulu bu müddət ərzində saxlamaq üçün xüsusi xərc çəkilmir. Ailə üzvlərimizin hamısı təsərrüfatla məşğuldur. Yəni, ailə büdcəmiz yetişdirdiyimiz məhsullardan əldə etdiyimiz gəlirlə formalaşır. Qışda hər ay anbardakı fındıqdan 50-60 kiloqram satsaq, bu, bizim həmin dövr üçün xərclərimizi qarşılamağa bəs edir”.
Az zəhmət tələb etsə də, yüksək gəlir gətirir
Hazırda bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Məhsul əsasən yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Daha bir xaçmazlı təsərrüfatçı Bəhram İsayev də istifadəsində olan torpaqlarında fındıq bağları salıb. O, bu məhsulun yetişdirilməsinin digər meyvələrlə müqayisədə az zəhmət tələb etdiyini bildirir. Məsələn şaftalıya, almaya mövsüm ərzində 10 dəfədən çox dərman vurulursa, fındıq bağlarında buna ehtiyac yoxdur. Bəhram İsayevin sözlərinə görə, tam formalaşmış hər bir fındıq ağacından 5-6 kiloqram məhsul yığır.
Azərbaycan dünya ölkələri arasında fındıq ixracına görə ilk pillələrdə yer alır
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov da son dövrlər fındıq bağlarının artmasını təsdiqləyir. Mütəxəssisin sözlərinə görə, buna təkan verən əsas amillərdən biri fındığa bazarda olan tələbatdır. Azərbaycan dünya ölkələri içərisində fındıq ixracına görə ilk pillələrdə yer alır. Ölkəmizdə 30 min hektar sahədə fındığın 130-dan çox sortu yetişdirilir.
Mədət Qurbanov bildirib ki, təsərrüfatçılar fındıq kollarının indiki məhsuldarlığını iki dəfəyədək artıra bilərlər. Əksər bağ sahibləri fındığın yetişdirilməsi haqqında səhv təsəvvürə malikdir. Təsərrüfatçılar kol bitkisi olduğunu düşünüb fındığın budanmasını, dərmanlamasını həyata keçirmir və ağaclara gübrə vermirlər. Halbuki bu aqrotexniki qaydalara əməl olunarsa, fındıq kollarından 5-6 yox, 12-13 kiloqram məhsul toplamaq mümkündür.
Fındıq istehsalı şimal bölgəsinin rayonlarının iqtisadiyyatında mühüm rol oynayır
Qeyd edək ki, fındıq istehsalı şimal bölgəsinin rayonlarının iqtisadiyyatında mühüm rol oynayır. Bu regionda 6 min hektara yaxın fındıq bağı var ki, bunun da 4 min hektara yaxını Xaçmaz rayonunun payına düşür. Xaçmazın fındıq bağlarından hər il 3 min tondan çox məhsul əldə olunur.
Ümumilikdə isə şimal regionunda 40 min hektara yaxın meyvə bağı mövcuddur. Bunun da böyük hissəsi alma və çəyirdəkli meyvələrin payına düşür.