REGİONLAR
Şimal bölgəsində mindən çox məzun II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib
Xaçmaz, 23 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunlarının iştirakı ilə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
AZƏRTAC xəbər verir ki, Xaçmaz şəhərində imtahanlar iki mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində təşkil olunub. Qəbul imtahanlarında şimal bölgəsindən 1006 məzun iştirak edib.
TQDK-nın Xaçmaz regional bölməsindən bildirilib ki, imtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. Hər iki mərkəzdə imtahanlar nəzərdə tutulmuş vaxtda, qaydalara uyğun başlayıb. İmtahanlara 97 nəzarətçi müəllim, o cümlədən 4 imtahan rəhbəri cəlb edilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
İmtahan Xaçmazla yanaşı, respublikanın daha 10 şəhər və rayonunda, ümumilikdə, 55 binada aparılıb.