REGİONLAR
Şimal bölgəsindəki 18 seçki məntəqəsində “exit-poll” keçirilir VİDEO
Xaçmaz, 26 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 26-sı səhər saat 8.00-da şimal bölgəsindəki seçki məntəqələrində Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsinə (referendum) uğurla start verilib.
AZƏRTAC xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan seçicilər 6 seçki dairəsinin tərkibindəki 366 məntəqədə səs verirlər. Bu regionda qeydə alınan seçicilərin sayı 278 min 673 nəfərdir. Onlardan 3 min 76 nəfəri ilk dəfə səs vermək hüququ əldə etmiş gənclərdir. Bu bölgənin ən yaşlı seçicisi isə Şabran rayonunun Şahnəzərli kəndinə yaşayan 110 yaşlı Kübra Qasımovadır.
Şimal bölgəsində olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən AZƏRTAC-a bildirilib ki, məntəqələrdə səsvermənin ilk saatlarında seçici fəallığı müşahidə olunur.
Bu regionda seçki prosesini 3 min 502 müşahidəçi izləyir. Bununla yanaşı, 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər bir şəxsə səsverməni onlayn izləmək imkanı verir.
Şimal bölgəsindəki 18 seçki məntəqəsinin qarşısında “exit-poll” təşkil olunub.