REGİONLAR
Şimal bölgəsindən 120 şagird Lənkəran-Masallı-Astara marşrutu üzrə tur-aksiyaya cəlb olunub
Xaçmaz, 16 mart, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya şimal regionunda 3 rayondan 120 məktəbli qoşulub.
AZƏRTAC xəbər verir ki, martın 16-sı səhər saatlarında Quba, Qusar və Xaçmazdan olan məktəblilər Lənkəran-Masallı-Astara marşrutu üzrə ekskursiyaya yola düşüblər.
Xaçmazdakı Heydər Əliyev adına parkda şagirdlərin təntənəli yolasalma mərasimi keçirilib. İcra hakimiyyətinin, təhsil şöbəsinin və məktəblərin nümayəndələri, eləcə də valideynlər səyahətə çıxanlara uğurlu yol arzulayıblar.
Bildirilib ki, dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən tur-aksiya çərçivəsində məktəblilər dörd gün ərzində cənub rayonlarını gəzəcək, buradakı qədim tarixi, mədəniyyət abidələri, turizm mərkəzləri və digər görməli yerlərlə yaxından tanış olacaqlar. Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabriki, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.
Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəbin şagirdi Telli Əliyeva ekskursiya ilə bağlı fikirlərini belə ifadə edib: “Cənub bölgəsini gəzməyi, Lənkəran, Astara, Masallı və başqa rayonlarımızla daha yaxından tanış olmağı arzulayırdım. Bu istəyimə çatdığım üçün sevinirəm. Tezliklə şagird dostlarımla birgə bu rayonların füsunkar təbiəti, görməli yerləri ilə tanış olacağıq. Buna görə tur-aksiyanın təşkilatçılarına minnətdarlıq edirəm”.
Məktəblilər tur-aksiyanın gedişi ilə bağlı tam təlimatlandırıldıqdan sonra avtobusla yola salınıblar.
Qeyd edək ki, şimal bölgəsindən olan şagirdlərin Lənkəran, Masallı və Astara rayonlarına səfərləri martın 19-da yekunlaşacaq.