ELM VƏ TƏHSİL
Şimal bölgəsinin abituriyentləri Xaçmaz şəhərində yaradılmış iki mərkəzdə qəbul imtahanı vermişlər VİDEO
Xaçmaz, 12 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də ölkəmizin 11 şəhər və rayonunda 2014-2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirmişdir.
TQDK-nın Xaçmaz Regional Bölməsindən AZƏRTAC-a bildirmişlər ki, şimal bölgəsi üzrə 1155 abituriyentin iştirak etdiyi qəbul imtahanları Xaçmaz rayonunda yaradılmış 2 mərkəzdə təşkil edilmişdir. Bu mərkəzlərdə imtahanların idarə edilməsi üçün, ümumilikdə, 10 rəhbər və 110 nəfər nəzarətçi müəllim ayrılmışdır.
Saat 11.00-da başlanan imtahanlar 3 saat müddətində aparılmışdır.
Qəbul imtahanı hər iki mərkəzdə nəzərdə tutulmuş vaxtda başlamış və uğurla başa çatmışdır.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.