REGİONLAR
Şimal bölgəsinin jurnalist olmaq istəyən abituriyentləri Xaçmazda qabiliyyət imtahanı verib VİDEO
Xaçmaz, 29 iyul, Elxan Yusifli, AZƏRTAC
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən şimal bölgəsinin abituriyentləri iyulun 29-da Xaçmaz şəhərində yaradılan mərkəzdə qabiliyyət imtahanı veriblər.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahan akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə təşkil olunub.
Bu mərhələdə 2017‑ci ilin iyul ayının 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edib.
İmtahan saat 11:00-da başlanılıb və 2 saat 30 dəqiqə davam edib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-a bildirib ki, mərkəzdə imtahanların keçirilməsi üçün hər bir şərait yaradılıb. Abituriyentlər sərbəst şəkildə, heç bir müdaxilə olmadan biliklərini nümayiş etdiriblər. Proses zamanı qayda pozuntusu qeydə alınmayıb.
İmtahan Xaçmazla yanaşı, DİM-in digər regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, eləcə də Bakı şəhərində təşkil olunub.