REGİONLAR
Şimal bölgəsinin məhsul istehsalçıları “Tədarük dostları” layihəsi ilə tanış olublar VİDEO
Xaçmaz, 21 dekabr, Elxan Yusifli, AZƏRTAC
Şimal rayonları Azərbaycanın əsas meyvə-tərəvəz istehsal olunan bölgələridir. Bundan sonra bölgədəki fermer və təsərrüfatçılar “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin regiondakı ofisi ilə əlaqə quraraq məhsullarının satışını daha rahat həyata keçirə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 21-də “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Xaçmaz şəhərində keçirilən ilk regional təqdimatında məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədr müavini Xaliq Məmmədov çıxış edərək Cəmiyyətin gördüyü işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Bildirib ki, ASC-nin yaradılmasında əsas məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına və kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarmaqla istehsalının və emalının stimullaşdırmasına zəmin yaratmaqdan ibarətdir.
Xaliq Məmmədov qeyd edib ki, respublikanın 12 regionunda cəmiyyətin regional ofisləri yaradılıb. Bununla yanaşı, bölgələrdə yaradılan yeni tədarük ambarları kənd təsərrüfatı məhsullarının tədarükünə başlamaq üçün hazır vəziyyətə gətirilib.
Tədbir iştirakçıları “Tədarük dostları” layihəsi barədə də məlumatlandırılıblar. Bildirilib ki, “Tədarük dostları” Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərpoçt” MMC və “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin birgə layihəsidir. “Tədarük dostları” ictimaiyyətin daha aktiv üzvü olan, tədarük və təchizat sahəsində məlumat, maarifləndirmə və təbliğat işinə dəstək verən, bu qaydalara uyğun seçilərək müəyyən edilən kənd (qəsəbə) poçt işçiləridir. Layihənin məqsədi texniki imkanları məhdud olan kənd və qəsəbələri tədarük və təchizat barədə məlumatlandırmaqdan, bu istiqamətdə maarifləndirmə və təbliğat işinin gücləndirilməsindən, kənd təsərrüfatı məhsullarının istehsalını (və ya emalını) stimullaşdırmaqdan ibarətdir.
Diqqətə çatdırılıb ki, noyabr ayından “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı istifadəyə verilib. Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən satınalma dövriliyi), satın alınacaq ərzaq məsullarının satın alan təşkilatlar üzrə həcmi və növləri barədə məlumatlar elektron portalda yerləşdirilib.
Hazırda isə istehsalçıların məhsullar üzrə təkliflərinin www.tedaruk.az portalı vasitəsi ilə qəbulu davam etdirilir.
Tədbirin sonunda fermerləri maraqlandıran sualar cavablandırılıb.