REGİONLAR
Şimal bölgəsinin məzunları Xaçmaz şəhərindəki üç mərkəzdə biliklərini sınayıblar
Xaçmaz, 30 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar.
AZƏRTAC xəbər verir ki, bu bölgədən olan, 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1452 məzun üç mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-lisey, şəhər 9 saylı və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəblərində imtahan veriblər.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-a bildirib ki, imtahanlara 128 nəzarətçi müəllim, o cümlədən 11 imtahan rəhbəri cəlb olunub. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.