REGİONLAR
Şimal bölgəsinin məzunları Xaçmaz şəhərindəki üç mərkəzdə biliklərini sınayıblar VİDEO
Xaçmaz, 5 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda iştirak edən şimal bölgəsinin məzunları biliklərini Xaçmaz şəhərində yaradılan imtahan mərkəzlərində sınayıblar.
AZƏRTAC xəbər verir ki, üç mərkəzdə keçirilən imtahanlarda Xaçmazla yanaşı Quba, Qusar, Şabran və Siyəzəndən olan 1566 məzun iştirak edib.
İmtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara), həmçinin tam orta və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd verən əvvəlki illərin məzunları, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan IX və XI sinif şagirdləri qatılıblar.
Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-lisey, şəhər 9 nömrəli və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəblərində keçirilən imtahanlara 12 rəhbər və 142 nəzarətçi müəllim cəlb olunub.
Mərkəzlərdə şagirdlərin biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb edilib.
Hər üç mərkəzdə imtahanlar ciddi qayda pozuntusu olmadan başa çatıb.