ELM VƏ TƏHSİL
Şimal bölgəsinin məzunları biliklərini Xaçmaz şəhərində sınayıblar VİDEO
Xaçmaz, 25 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar.
AZƏRTAC xəbər verir ki, bu bölgədən olan 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1118 məzun iki mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə və şəhər 9 saylı məktəbdə imtahan veriblər.
TQDK-nın Xaçmaz regional bölməsinin müdiri Elmir Şirinov AZƏRTAC-a müsahibəsində bildirib ki, hər iki mərkəzdə imtahanlar nəzərdə tutulmuş vaxtda, qaydalara uyğun başlayıb. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahanlara 110 nəzarətçi müəllim, o cümlədən 8 imtahan rəhbəri cəlb olunub.
Şəhər 9 saylı məktəbdə imtahan rəhbəri olan Qafil Dəmirov isə AZƏRTAC-a müsahibəsində imtahan prosesi zamanı hər hansı qayda pozuntusunun qeydə alınmadığını bildirib: “İmtahanda abituriyentlərə hər fəndən 25 sual olmaqla, ümumilikdə 125 test tapşırığı təqdim edilib. İkinci ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən, üçüncü ixtisas qrupunda isə riyaziyyat, tarix və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən son 4 sual açıq tipli test tapşırıqları olub. İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. Abituriyentlər sərbəst şəkildə, heç bir müdaxilə olmadan biliklərini nümayiş etdiriblər”.
Qeyd edək ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.