REGİONLAR


Şimal bölgəsinin mindən çox məzunu Xaçmazda yaradılan iki mərkəzdə imtahan verəcək

A+ A

Xaçmaz, 22 iyul, Elxan Yusifli, AZƏRTAC

Xəbər verdiyimiz kimi, iyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunlarının iştirakı ilə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

AZƏRTAC xəbər verir ki, Xaçmaz şəhərində keçiriləcək qəbul imtahanlarında şimal bölgəsindən olan 1006 məzunun iştirakı nəzərdə tutulub. İmtahanlar iki mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində təşkil olunacaq.

TQDK-nın Xaçmaz Regional Bölməsindən bildirilib ki, imtahanlara 97 nəzarətçi müəllim, o cümlədən 4 imtahan rəhbəri cəlb ediləcək. Hər iki mərkəzdə imtahanların keçirilməsi üçün lazımi şərait yaradılıb.

İmtahan Xaçmazla yanaşı, respublikanın daha 10 şəhər və rayonunda, ümumilikdə, 55 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni götürməlidirlər.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.