REGİONLAR


Şimal bölgəsinin yeganə qadın nağara ifaçısı VİDEO

Xaçmaz, 22 iyun, Elxan Yusifli, AZƏRTAC

Mahir nağara ifaçısı Gülsüm Məmmədova şimal bölgəsində ən çox sevilən musiqiçilərdəndir. Gülsüm xanımın bu sahədə 40 illik ifaçılıq, həmçinin uzunmüddətli müəllimlik təcrübəsi var.

AZƏRTAC xəbər verir ki, 1967-ci ildə Quba rayonunun Zizik kəndində doğulan Gülsüm Məmmədova kiçik yaşlarından nağarada ifa etməyə başlayıb.

Nağara ifaçısı bildirir ki, hələ balaca vaxtı onu bir iş dalınca göndərəndə daim əlində qazan qapağı götürər və ondan zərb aləti kimi istifadə edərdi. G.Məmmədova altıncı sinifdə oxuyanda artıq ilk dəfə səhnədə və el şənliklərində tamaşaçılar qarşısına çıxış edib. Quba Uşaq Musiqi Məktəbini və Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda təhsil alıb.

O, nağara və qavaldaş ustası Çingiz Mehdiyevdən ilham alaraq bu sənətə gəldiyini söyləyir.

Ötən əsrin 80-ci illərində Qubada fəaliyyət göstərən “Sevinc” qızlar ansamblının zərb aləti ifaçısı olub. Həmin vaxt ansambl çox populyar idi və o dövrün el şənliklərini, xüsusilə qız toylarını bu ifaçılarsız təsəvvür etmək mümkün deyildi.

G.Məmmədova 1984-cü ildən Quba Uşaq Musiqi Məktəbində müəllim kimi fəaliyyət göstərir. 30 ildən çox müəllimlik təcrübəsində yalnız bir qız tələbəsi olub ki, o da nişanlandıqdan sonra nağara ifaçılığına son qoyub. Ümumilikdə isə bu illər ərzində 500-ə yaxın tələbəyə nağara çalmağın sirlərini öyrədib. İndi onun şagirdləri arasında çox sayda tanınmış ifaçılar var.

Müəllimlik fəaliyyətini indi də davam etdirən Gülsüm xanım xaricdə bir çox konsertlərdə, festivallarda uğurlu çıxışları ilə yadda qalıb. Keçmiş sovet dövründə Xalq Çalğı Alətləri Ansamblı ilə Moskva və başqa şəhərlərdə konsertlərdə aparıcı ifaçı kimi çıxış edib. Bununla yanaşı, 50 yaşlı musiqiçi hələ də regionda toyların və şadlıq məclislərinin sevimli ifaçısı olaraq qalır.

Şimal bölgəsində yeganə qadın nağara ifaçısı olan Gülsüm Məmmədova tələbələrindən ibarət ansamblla rayon tədbirlərinə də qatılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.