REGİONLAR
Şimal-qərb bölgəsində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları uğurla başa çatıb
Şəki, 18 mart, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin martın 18-də qurumun Şəki Regional Bölməsinin əhatə etdiyi Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarında və Mingəçevir şəhərində ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlər üçün keçirdiyi buraxılış imtahanının birinci mərhələsi uğurla başa çatıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-a bildirib ki, imtahanların keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda, ümumilikdə, 17 imtahan mərkəzi ayrılıb. İmtahanlarda 7991 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 54 imtahan rəhbəri və 660 nəzarətçi-müəllim cəlb olunub.
AZƏRTAC-ın müxbiri Şəki şəhərindəki 8 nömrəli tam orta məktəbdə keçirilən imtahanın gedişi ilə maraqlanıb. Məktəbdə imtahan təlimata uyğun olaraq saat 11.00-da başlanıb və 2 saat müddətində aparılıb. İmtahan rəhbəri Anar Həsənovun bildirdiyinə görə, imtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının birinci mərhələsi təlimata uyğun, şəffaf və ədalətli keçib.