REGİONLAR
Şimal rayonlarının 5 minədək müəllimi diaqnostik qiymətləndirməyə cəlb olunub
Quba, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 22-də Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan qiymətləndirməyə iki gün ərzində 5 minədək müəllim cəlb olunub. 900 nəfərdən çox müəllim isə noyabrın 23-də diaqnostik qiymətləndirmədə iştirak edəcək.
Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov AZƏRTAC-a müsahibəsində bildirib ki, ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən müəllimlər də bu imtahanlara cəlb olunublar.
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları 90 dəqiqə ərzində aparılır. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı təqdim edilib. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab verən müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Keçid balını toplamayan, eləcə də aşağı bal toplayan müəllimlər növbəti diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edə biləcəklər.
Ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə cari ilin dekabr ayının sonunadək davam edəcək.