ELM VƏ TƏHSİL
Şimal regionunun IX və XI sinif şagirdləri 16 imtahan mərkəzində biliklərini sınayıblar VİDEO
Xaçmaz 11 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bir sıra rayonlarda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflər) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
AZƏRTAC xəbər verir ki, şimal regionunda yerləşən altı rayonunun (Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən) orta ümumtəhsil müəssisələrinin şagirdləri buraxılış imtahanlarının keçirilməsi üçün ayrılan 16 imtahan mərkəzində biliklərini sınayıblar.
TQDK-nın Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Faiq Buzurki AZƏRTAC-a bildirib ki, bu regionda buraxılış imtahanlarında iştirak etməli olan şagirdlərin ümumi sayı 10 min 908 nəfərdir. Həmin məktəblilərin 6 min 286 nəfəri IX sinif, 4 min 622 nəfəri isə XI sinif şagirdidir.
IX sinif şagirdləri üçün buraxılış imtahanları saat 10-da başlayıb və 2 saat 30 dəqiqə davam edib. Rayon mərkəzindən uzaqda yerləşən yaşayış məntəqələrinin şagirdlərinin rahatlığını təmin etmək üçün bu il Qusarın Yuxarı Zeyxur, Qubanın Zərdabi kənd tam orta məktəblərində, eləcə də Xudat şəhər 4 saylı məktəb-liseydə imtahan mərkəzləri yaradılıb.
XI sinif şagirdləri üçün buraxılış imtahanlarına isə saat 15-də start verilib.
Şimal bölgəsində keçirilən buraxılış imtahanlarına 43 imtahan rəhbəri və 531 nəzarətçi müəllim cəlb olunub. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. Bununla yanaşı, təhlükəsizliyin təminatı məqsədilə
imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunublar.