REGİONLAR
Şimal regionunun bəzi ərazilərində temperatur 12 dərəcəyədək aşağı düşüb VİDEO
Quba, 25 yanvar, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şimal regionunda hava şəraiti kəskin dəyişib, bəzi dağlıq ərazilərdə temperatur ötən günlərlə müqayisədə 12 dərəcəyədək aşağı düşüb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün axşam saatlarında bölgənin yaşayış məntəqələrinə qar yağmağa başlayıb. Quba, Qusar və Xızı rayonları ərazisinə yağan qarın hündürlüyü 1-16 santimetr təşkil edib. Ən çox yağıntı Xızı rayonunun Altıağac qəsəbəsinə (16 santimetr) düşüb. Hazırda Qubanın Xınalıq kəndində qarın qalınlığı 42, Qırızda 40, Qusarın Ləzə kəndində isə 32 santimetrə çatır.
Qar yağmasına baxmayaraq, Qubanın ucqar kənd yollarında avtomobillərin hərəkətində ciddi problem yaranmayıb. Rayonun 6 saylı yol istismar idarəsinin ağır texnikaları və canlı qüvvəsi Quba-Xınalıq yolunun qardan təmizlənməsi üçün ərazidə xidmət aparır. Həmin istiqamətdə yerləşən bütün kəndlərə avtomobillərin gediş-gəlişi təmin edilib.