DÜNYA
Şimali Karolinada naməlum şəxslər Respublikaçılar Partiyasının ofisinə hücum ediblər
Vaşinqton, 17 oktyabr, AZƏRTAC
Hillsboro şəhərində (Şimali Karolina ştatı) naməlum şəxslər Respublikaçılar Partiyasının ofisinə hücum ediblər. Rəsmi məlumata görə gecə saatlarında, partiyanın yerli ofisində heç kəs olmayan vaxtda ofisə yandırıcı maye ilə dolu şüşələr atılıb. Xuliqanlar ofisin divarlarını eybəcər hala salıb, orada bu sözləri yazıblar: “Respublikaçı nasistlər, buradan rədd olun!”.
Demokratlar Partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Hillari Klinton bu hadisə ilə əlaqədar təəssüfləndiyini bildirərək qeyd edib ki, Respublikaçılar Partiyasının ofisinə hücum “hiddətləndirici və qəbuledilməzdir”. O həmçinin, heç kəsin zərər çəkmədiyinə görə şad olduğunu söyləyib.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın bəyanatı xeyli aqressiv olub. Tramp ofisə hücum etmiş xuliqanları “Hillari Klintonu və demokratları Şimali Karolinada təmsil edən heyvanlar” adlandırıb. Şəhər polisi hücumla əlaqədar təhqiqatı davam etdirir.
Hələlik bu insidentlə əlaqədar heç kəs həbs edilməyib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton