CƏMİYYƏT
Şimali Kiprin “Gənc TV” telekanalında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb
Bakı, 18 may, AZƏRTAC
Şimali Kiprin yüzdən artıq ölkədə yayımlanan “Gənc TV” kanalında “Həftəyə baxış” analitik proqramının növbəti buraxılışı “Bakı-2017” İslam Həmrəyliyi Oyunları və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə qərara həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, proqram Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşəbbüsü ilə ərsəyə gəlib.
Verilişdə AKDC-nin sədri Orxan Həsənoğlu ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. O, Azərbaycanın son illərdə onlarla belə beynəlxalq səviyyəli yarış və tədbirə uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycana olan beynəlxalq etibarı və inamı artırıb.
Proqramda, həmçinin Rusiya Federasiyası Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qəbul etdiyi qərarı da müzakirə olunub. AKDC sədri bildirib ki, bu gün Rusiyada yaşayan milyonlarla azərbaycanlının səsi olan bir təşkilatın qeydiyyatının ləğvi ilə bağlı qəbul edilən qərar düzgün deyil.
O.Həsənoğlu, həmçinin aparıcının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını da cavablandırıb.