CƏMİYYƏT


Şimali Kiprin Girnə şəhərində Türk dünyası birinci Gənclər Forumunun açılışı olub

A+ A

Girnə, 18 oktyabr, AZƏRTAC 

Şimali Kiprin Girnə şəhərində Türk Dünyası Həmrəylik Dərnəyinin və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Türk dünyası birinci Gənclər Forumunun rəsmi açılış mərasimi keçirilib.

Türkiyənin İstiqlal marşının oxunması ilə başlayan Forumun açılışında rəsmi şəxslər, deputatlar, QHT və KİV təmsilçiləri olmaqla 300 nəfər iştirak edib.

“Dildə, fikirdə, işdə birlik!” devizi altında keçirilən Forumun rəsmi açılışında Şimali Kiprin maliyyə naziri Serdar Denkdaş, Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və digər rəsmi şəxslər çıxış ediblər.

Türk dünyası gənclərinin Şimali Kiprdə toplanmasını tarixi hadisə kimi dəyərləndirən maliyyə naziri Serdar Denkdaş əminliklə qeyd edib ki, Forum dünyada sülhün və sabitliyin yaranması, türkdilli xalqlar və ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün ciddi çağırışlar edəcək.

Türkdilli gənclər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş bildirib ki, ölkəsi bütün cəmiyyətlərdə aparıcı qüvvə olan gənclərin Şimali Kiprdə bir araya gəlməsinə böyük önəm verir.

Türk Dünyası birinci Gənclər Forumunun rəsmi açılışının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü gününə təsadüf etdiyini deyən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizin sürətli inkişafı, respublika həyatında gənclərin rolu, gənclər siyasətinin əlamətdar nəticələri barədə məlumat verərək Forumun işinə uğurlar arzulayıb.

Çıxışlarda Türk dünyası gənclərinin qarşılarında duran vəzifələrə toxunulub, onların birliyi, qarşılıqlı faydalı əməkdaşlığı naminə mühüm çağırışlar səsləndirilib.

Xatırladaq ki, 24 ölkədən 200-ə yaxın xarici qonağın iştirakı ilə keçirilən Forumda Azərbaycan rəsmi şəxslərin, o cümlədən Milli Məclisin deputatlarının da daxil olduğu geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.

Forum çərçivəsində Şimali Kiprin ayrı-ayrı şəhərlərində “Azərbaycanın dövlət müstəqilliyi günü”, “Kipr türk mədəniyyət gecəsi” mövzularında, o cümlədən birlik və həmrəyliyə dair panel iclasları, kitab sərgisi və digər mədəni tədbirlər təşkil olunacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Girnə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.