CƏMİYYƏT
Şimali Kiprin telekanallarında Azərbaycana dair proqramlar yayımlanıb
Bakı, 11 may, AZƏRTAC
Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti (AKDC) tərəfindən Kiprin iki ən reytinqli televiziya kanalında – “Kıbrıs TV” və “Ada TV”də “Heydər Əliyev və Azərbaycan Saatı” adlı veriliş canlı olaraq yayımlanıb.
AKDC-dən verilən məlumata görə, canlı yayım ilk olaraq “Kıbrıs TV” kanalında baş tutub.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, AKDC-nin sədri Orxan Həsənoğlu, Sankt-Peterburqda fəaliyyət göstərən Smolnı Universitetinin rektoru, akademik Heydər İmanov və AKDC-nin sədr müavini Fuad Səfərəliyevin iştirakı ilə baş tutan verilişdə diaspor fəalları ulu öndər Heydər Əliyevin həyatından və Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs ediblər.
Daha sonra “Ada TV” kanalında canlı yayımda efirdə olan qonaqlar burada da ulu öndərin keçdiyi şərəfli həyat yolu və uğurlu fəaliyyətindən söz açıblar. Hər iki kanalda bir saatdan artıq yayımlanan verilişlərdə, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin sosial-iqtisadi inkişafı haqqında da tamaşaçılara geniş məlumat verilib.
AKDC-nin sədri Orxan Həsənoğlu bildirib ki, rəhbəri olduğu təşkilat hər zaman ölkəmizin tarixi və əlamətdar günləri ilə bağlı Şimali Kipr mediasında davamlı olaraq Azərbaycanın təbliğatını aparır. O.Həsənoğlu bundan sonra da bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini və Azərbaycanın əlamətdar günlərində ənənəvi olaraq ölkəmizlə bağlı canlı yayımların təşkil olunacağını deyib.