MƏDƏNİYYƏT
Şimali Kiprin turizm imkanları ilə bağlı konfrans keçirilmişdir
Bakı, 26 aprel (AZƏRTAC). Aprelin 26-da “Landmark” biznes mərkəzində Şimali Kiprin nümayəndə heyəti öz ölkəsinin turizm imkanlarını tanıtmaq məqsədilə konfrans keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Şimali Kiprin təmsilçisi Zeki Gazioğlu xalqlarımız arasındakı dostluq əlaqələrindən danışdıqdan sonra bu ölkənin Hotelçilər Birliyinin başkanı Mehmat Dolmaçı, Səyahət Agentlikləri Birliyinin təmsilçisi Özbek Ömür Dedekorkut və başqaları cazibəsini heç zaman itirməyən ada haqqında məlumat vermişlər. Bildirmişlər ki, ölkənin əsas gəlir mənbəyi turizmdir. Bura səfər edənlər ilin bütün fəsillərində tarixi yerlərin izlərini və təbii zənginliyi duya biləcəklər. Turistlər Aralıq dənizinin sularında üzmək, yaşıl sahələrdə gəzmək, əyləncə yerlərində rahat istirahət etmək imkanı əldə edəcəklər. Bundan başqa, adadakı Girne qalası, Batmış Gəmi Muzeyi, Bellapais Monastrı və digər tarixi abidələr turistlərə sonsuz zövq verəcəkdir.
Şimali Kiprin təbii gözəlliklərini, tarixi abidələrini, milli–etnoqrafik mədəniyyətini əks etdirən film göstərilmişdir.
Sonda qonaqlar sualları cavablandırmışlar.