DÜNYA
Şimali Koreya iki həftədə üçüncü raket sınağı keçirib
Bakı, 29 may, AZƏRTAC
Şimali Koreya bazar ertəsi günü səhər saatlarında son iki həftədə üçüncü dəfə ballistik raket sınağını reallaşdırıb. Bundan əvvəlki sınaqlar mayın 14-də və 21-də həyata keçirilmişdi.
AZƏRTAC Penxap agentliyinə istinadla xəbər verir ki, raket KXDR-in şərq sahillərindəki Vonsan şəhəri rayonundan buraxılıb. Yaponiya və ABŞ rəsmilərinin məlumatına görə, raketin uçuşu altı dəqiqə çəkib və o, 450 kilometr məsafə qət edərək Yaponiyanın xüsusi iqtisadi rayonunda Yapon dənizinə düşüb. Uçuşun hündürlüyü 100 kilometr təşkil edib. Sınağı keçirilən raketin orta mənzilli “Skad” tipli ballistik raket olduğu bildirilir.
Cənubi Koreya və Yaponiya hadisəyə dərhal reaksiya veriblər. Yaponiyanın Baş naziri Sindzo Abe ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb və KXDR-ə qarşı ABŞ-la birgə konkret tədbirlər görüləcəyini bildirib.
Koreya Respublikasının xarici işlər naziri də öz növbəsində raket buraxılışını pisləyərək onu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması adlandırıb, şimal qonşusuna qarşı “sərt tədbirlər” həyata keçıriləcəyini vəd edib.