DÜNYA
Şimali Koreya mətbuatı raket buraxılışı barədə məlumat yaymayıb
Tokio, 16 aprel, AZƏRTAC
NHK telekanalının Pxenyandakı müxbirinin verdiyi məlumata görə, Şimali Koreya mətbuatı uğursuzluqla nəticələnən ballistik raket buraxılışı barədə məlumat yaymayıb.
Bazar günü səhər Cənubi Koreya silahlı qüvvələri qərargah rəislərinin birləşmiş komitəsi Şimali Koreyada uğursuz raket sınağı barədə məlumat yayıb. Məlumata əsasən, Pxenyan Xamqyon-Namdı əyalətinin Sinpxo qəzasında növü hələlik dəqiqləşdirilməmiş raket buraxılışına cəhd edib. Raketin növü barədə məlumat olmasa da, mütəxəssislər onun KN-15 orta məsafəli ballistik raket olduğunu güman edirlər.
Raket buraxılışından sonra Yaponiya hökuməti Baş nazirin dəftərxanası yanında böhran qərargahı yaradıb. Cənubi Koreya isə Təhlükəsizlik Şurasının daimi komitəsinin təcili iclasını çağırıb.
Bununla yanaşı, Şimali Koreyada ballistik raket sınağı barədə heç bir məlumat yayılmayıb. NHK kanalı bildirir ki, nə mərkəzi televiziya, nə də qəzetlər buraxılış barədə heç bir məlumat verməyiblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio