DÜNYA
Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyaya təhlükə yaratmayıb
Tokio, 8 iyun, AZƏRTAC
İyunun 8-də səhər saatlarında Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyaya təhlükə yaratmayıb. Bu barədə xarici işlər naziri Fumio Kişida məlumat verib.
F.Kişida deyib: “Yaxın zamanlarda Yaponiya üçün təhlükə yarada biləcək heç nə qeydə alınmayıb. Lakin belə təxribatçı hərəkətlər yolverilməzdir”.
Nazir Tokionun Şimali Koreyanın raket buraxılışlarına qarşı ABŞ və Koreya Respublikası ilə əlbir çalışdığını bir daha təsdiq edib.
Həmin gün buraxılan raketlərin gəmilərə qarşı qanadlı raketlər olduğu bildirilir. Təqribən 200 kilometr məsafə qət edən bu raketlər, Yaponiyaya məxsus iqtisadi zonadan kənarda dənizə düşüb.
Bu ərəfədə Koreya Respublikasının qərargah rəislərinin birləşmiş komitəsindən bildirilib ki, Şimali Koreyanın şərqində yerləşən Vonsan rayonundan gəmilər əleyhinə olduğu güman edilən bir neçə ballistik raket buraxılıb.
Yaponiya Xarici İşlər Nazirliyi növbəti raket buraxılışları ilə əlaqədar Şimali Koreyaya etiraz məktubu ünvanlayacağını bəyan edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio