İDMAN
“Simurq”un prezidenti əsas komandanın üzvləri ilə görüşüb
Bakı, 1 aprel, AZƏRTAC
Zaqatalanın “Simurq” Peşəkar İdman Klubunun prezidenti Anar Bəkirov əsas komandanın üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, klub rəhbərliyinin, məşqçilər korpusunun və futbolçuların iştirak etdikləri görüşdə qarşıdakı oyunlar müzakirə edilib.
Tədbirdə A.Bəkirov son zamanlar “Simurq” ilə bağlı mətbuatda gedən yazılara aydınlıq gətirərək bildirib ki, heç bir kənar təsir komandanın qarşısına qoyduğu hədəfə çatmağa mane olmamalıdır. Hər kəs işinə köklənməli və yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıdır.
O qeyd edib ki, “Simurq”un gələcəyi ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir və yaxın zamanlarda bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcək. Komandanın maliyyə cəhətdən heç bir probleminin olmadığını diqqətə çatdıran klub prezidenti futbolçuların qarşıdakı oyunlarda mütləq nəticənin qazanmalı olduqlarını vurğulayıb və onlara uğurlar arzulayıb.