İQTİSADİYYAT
Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin standartlarının Azərbaycanda tətbiqinə dair Anlaşma Memorandumu imzalanacaq
Bakı, 17 noyabr, AZƏRTAC
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmiləri ilə Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin nümayəndə heyəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair razılıq əldə edilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələrin nəticəsində imzalanacaq Memorandum layihəsində Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin hazırladığı standartların Azərbaycan ərazisində tətbiq edilməsi, standartların işlənməsinə dair beynəlxalq təcrübənin öyrənilməsi və yerli kadrların bilik və bacarıqlarının artırılması üçün müvafiq sahədə ortaq treninqlər və təlimlərin, eləcə də ekspertlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi kimi məsələlər öz əksini tapıb.
Sınaq və Materiallar üzrə Amerika Cəmiyyəti 1898-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilat materiallar, məhsullar, sistem və xidmətlər üzrə könüllü standartların işlənib hazırlanması ilə məşğul olur. Təşkilatın standartları Dünya Ticarət Təşkilatının prinsipləri əsasında hazırlanır. Cəmiyyətin hazırladığı 12 minədək bazaryönümlü standartdan 5 mini dünyanın 60-dək ölkəsində milli standart kimi qəbul edilib. Təşkilatda 140 ölkədən 32 minədək biznes qurumu, istehlakçı birlikləri, elmi müəssisələr təmsil olunur. Eyni zamanda, təşkilatda 140 adda standartlaşdırma üzrə texniki komitə fəaliyyət göstərir. Texniki komitələr metal konstruksiyaları, neft, istehlak malları, eləcə də nanotexnologiyalar və sənaye biotexnologiyaları sahələri üzrə ixtisaslaşıblar.
Təşkilatın mənzil qərargahı Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yerləşir və Belçika, Çin, Kanadada regional mərkəzləri fəaliyyət göstərir.