CƏMİYYƏT
Sinay yarımadasının şimalında fövqəladə vəziyyət elan edilib
Misirin hakimiyyət orqanları Sinay yarımadasının şimalında üç ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq ediblər. Yarımadada komendant saatı elan olunub. Bu qərar silahlıların güc strukturlarının əməkdaşlarına qarşı törətdikləri terror aktlarından dərhal sonra Misir Milli Təhlükəsizlik Şurasının ölkə Prezidenti Əbdülfəttah əs-Sisinin sədrliyi ilə keçirilən təxirəsalınmaz iclasında qəbul edilib. Qeyd edək ki, silsilə hücum və partlayışlar nəticəsində 26 nəfər həlak olub, təqribən 40 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Misir Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair rəsmi məlumatda deyilir: “Misir ordusu və polisi regionda təhlükəsizliyi qoruyub saxlamaq və sadə vətəndaşların həyatını müdafiə etmək məqsədi ilə terrorizm təhlükəsini aradan qaldırmaq üçün mümkün olan hər şeyi edəcək”.
Sərəncama görə, Şimali Sinay əyalətinin bir sıra rayonlarında insanların və nəqliyyatın hərəkətinə məhdudiyyət oktyabrın 25-də Misir vaxtı ilə saat 17.00-dan 07:00-dək qüvvədə olacaq.
Misir Prezidenti üçgünlük milli matəm elan edib.
Asya Hacızadə
AZƏRTAC–ın xüsusi müxbiri
Qahirə