DÜNYA
Sinayda Rusiyanın qəzaya uğramış “A-321” təyyarəsinin qırıntılarının yerbəyer olunması başa çatdırılıb
Qahirə, 5 sentyabr, AZƏRTAC
Misir KİV-lərində ölkənin Mülki Aviasiya Nazirliyinə istinadla verilən məlumata görə, Rusiyaya məxsus “A-321” təyyarəsinin qəzaya uğramasının səbəblərini təhqiq edən xüsusi komissiya bu təyyarənin qırıntılarının yerbəyer olunması ilə bağlı işlərin birinci mərhələsini başa çatdırıb.
Qeyd edilir ki, hazırda komissiya təyyarənin dağılmasının və onun hissələrinin ətrafa səpələnməsinin səbəbləri aydınlaşdırılarkən xüsusi diqqət yetirilən təyyarənin hissələrin və detalların hər birinin təyyarənin hansı hissəsinə aid olmasını müəyyən etməyə başlayıb. Növbəti mərhələdə təyyarənin müxtəlif hissələrinin mütəxəssislər tərəfindən götürülmüş nümunələri Elmi Araşdırmalar Nazirliyi yanında Metal və Ərintilər İnstitutunun laboratoriyalarında diqqətlə öyrəniləcək.
Xatırladaq ki, 2015-ci il oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx kurortundan Sankt-Peterburqa uçan Rusiyaya məxsus “A-321” təyyarəsi Sinay yarımadası səmasında qəzaya uğrayıb, qəza nəticəsində 224 nəfər həlak olub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə