REGİONLAR


Sınıq Körpü buraxılış məntəqəsinin ətrafında yaşıllaşdırma və abadlıq işləri aparılır VİDEO

Qazax, 8 iyul, Famil Quliyev, AZƏRTAC

Son vaxtlar Qazax rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Gürcüstanla sərhəddə Sınıq Körpü sərhəd buraxılış məntəqəsi önündəki yolun ətrafında aparılan irimiqyaslı abadlıq işləri də bu sıradandır. Ölkəmizə Qərb qapısından daxil olan və ya yola düşən hər bir insan buradan keçməli olur. Buraxılış məntəqəsi önündəki yaşıllaşdırma və abadlıq işləri həmin insanlarda xoş təəssürat yaradır.

Qazax rayon sakini Qələndər Əhmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Ölkəmizə hər yerdən qonaqlar gəlir. Mən də bir qazaxlı kimi burada aparılan abadlıq və quruculuq işlərinə çox sevinirəm. Hər gün bu məntəqədən minlərlə insan keçir. Xaricdən gələn qonaqlar ilk dəfə bu gözoxşayan mənzərə ilə qarşılaşırlar ki, bu da onlarda ölkəmiz haqqında xoş təəssüratlar yaradır.”

Türkiyəli sürücü İrfan Kibar isə təəssüratlarını belə ifadə edib: “Əvvəllər də buradan gəlib-getmişik. Amma indi bu ərazilər göz oxşayır. Ətrafda yaşıllıq salınır. Bu işi görənlərə təşəkkürümü bildirirəm.”

Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşür. Abadlıq və quruculuq işləri nəticəsində yol kənarında 380 metr dekorativ tor çəkilib, 200-dən çox həmişəyaşıl kol əkilib. Bundan başqa, ərazinin 400 kvadratmetrdən çox hissəsinə tamet döşənib, sərnişinlər üçün dayanacaq düzəldilib, 290 kvadratmetr əraziyə asfalt vurulub. Divarlarda dekorativ işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.